“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş

News Image

Yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş


Sentyabrın 9-da Qusar Rayon İcra Hakimiyyəti,Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektoru və ETİHİ Qusar rayon komitəsinin birgə təşkilatçılığı ilə 2025-2026-cı tədris ilində yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məktəb direktorları və müəllimlər, məzunlar, müxtəlif müsabiqələrdə yüksək nəticə göstərmiş şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunları əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib. Bildirilib ki, Qusar rayonunda 2025-2026-cı tədris ili təhsil sahəsində əldə olunan mühüm nailiyyətlərlə yadda qalıb və bu uğurların arxasında şagirdlərin məqsədyönlü çalışması ilə yanaşı, pedaqoji kollektivlərin peşəkarlığı və rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən diqqət dayanır.

Regional Təhsil İdarəsinin müdiri son illərdə Qusar məktəblilərinin fənn olimpiadaları və müxtəlif intellektual müsabiqələrdə əldə etdiyi nəticələrin müsbət dinamika təşkil etdiyini qeyd edib. 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının, fənn olimpiadalarının və müxtəlif müsabiqələrin nəticələrinin qənaətbəxş olduğunu bildirən Coşqun Əliyev əldə olunan göstəricilərin daha da yüksəldilməsi məqsədilə qarşıdakı dövrdə də ardıcıl və məqsədyönlü fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıb.

Qeyd olunub ki, cari ildə Qusar rayonunun ümumtəhsil məktəblərini 959 şagird bitirib. Məzunlardan 461 nəfəri ali təhsil müəssisələrinə sənəd verib və onların 330 nəfəri respublikanın ali təhsil müəssisələrinə qəbul olunub. 12 nəfər 600-700 bal, 31 nəfər 500-600 bal, 66 nəfər isə 400-500 bal intervalında nəticə göstərib. Coşqun Əliyev, həmçinin, Qusar məktəblilərinin Ulu Öndər Heydər Əliyevin siyasi irsinin gənc nəslə tanıdılması məqsədilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində də rayon məktəblilərinin artıq üçüncü ildir ki, yüksək nəticələr göstərərək fərqləndiklərini qeyd edib.

Tədbirdə daha sonra məzunların uğurlarında pay sahibi olan müəllimlər çıxış ediblər.

Sinif rəhbəri olduğu sinfin bütün məzunlarının ali təhsil müəssisələrinə qəbul olunduğu, şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Qumru Çigniyeva, Balaqusar kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi, sertifikasiya imtahanında 58 bal toplayaraq yüksək nəticə göstərmiş Ruqiyə Hüseynova, eləcə də Hil kənd tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi, coğrafiya fənni üzrə üçqat Respublika Fənn Olimpiadası qalibi Qəhrəman Məlikovun müəllimi Nürəddin Yüzbəyov çıxış edərək məzunları, onların valideynlərini və həmkarlarını təbrik ediblər.

Müəllimlər öz çıxışlarında şagirdlərinin qazandığı hər bir uğurun onlar üçün böyük qürur və sevinc mənbəyi olduğunu bildirərək, yüksək nəticələrin yalnız bir göstərici olmadığını, uzunmüddətli zəhmətin, müəllim əməyinin və ailə dəstəyinin nəticəsi olduğunu vurğulayıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə müəllimlərin peşəkar inkişafı və əməyinin stimullaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Sertifikasiya imtahanının da bu istiqamətdə mühüm mexanizmlərdən biri olduğu qeyd edilərək, şəffaf və obyektiv şəkildə keçirilən imtahanın müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, onların peşəkar inkişafına və öz üzərlərində daha ciddi çalışmalarına stimul verdiyi bildirilib. Məzunlara gələcək təhsil həyatlarında uğurlar arzulayan müəllimlər onları qazandıqları nailiyyətləri yeni mərhələdə də davam etdirməyə, daim öyrənməyə, biliklərini artırmağa və Vətənə layiqli vətəndaş olmağa çağırıblar.

Daha sonra tədbirdə Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Emiliya Qayıbova çıxış edib. Tam orta təhsil pilləsini qızıl medalla başa vuran, riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının gümüş medalçısı olan Emiliya Qayıbova cari ilin buraxılış imtahanında maksimum 300 bal toplayaraq 689 bal ilə Bakı Ali Neft Məktəbinin data analitika ixtisasına qəbul olub. Gənc məzun belə bir görüşün təşkilinə və onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. O, əldə etdiyi nəticənin arxasında müəllimlərinin zəhməti, valideynlərinin dəstəyi və özünün davamlı əməyinin dayandığını qeyd edərək, uğurun əsas şərtinin məqsədə inamla yanaşı, həmin məqsəd uğrunda ardıcıl və səbirli şəkildə çalışmaq olduğunu bildirib. Emiliya Qayıbova bundan sonra da seçdiyi ixtisas üzrə özünü inkişaf etdirmək, yüksək nəticələr əldə etmək üçün səylə çalışacağını qeyd edib.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq yüksək nəticə göstərmiş məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İcra başçısı müasir dövrdə ölkələrin inkişafını müəyyən edən əsas amillərdən birinin məhz insan kapitalı olduğunu, insan kapitalının formalaşmasının təməlində isə keyfiyyətli təhsilin dayandığını vurğulayıb. Ulu Öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” fikrini xatırladan icra başçısı cəmiyyətin gələcəyinin formalaşmasında müəllimlərin üzərinə düşən böyük məsuliyyətdən söz açaraq, müəllim əməyinin hər zaman yüksək qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Rayon rəhbəri Qusar müəllimlərinin sertifikasiya imtahanlarında göstərdikləri yüksək nəticələri xüsusi qeyd edərək bunu pedaqoji kollektivlərin peşəkarlığının mühüm göstəricisi kimi qiymətləndirib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsi və gənclərin inkişafı ilə bağlı həyata keçirilən çoxşaxəli layihələr bu sahəyə göstərilən dövlət qayğısının tərkib hissəsini təşkil edir.

Sahir Məmmədxanov Qusar rayonunda da təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü, yeni məktəb binalarının tikildiyini, mövcud təhsil müəssisələrində təmir və yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bütün bu tədbirlərin əsas məqsədi şagirdlərin daha yaxşı təhsil alması, onların müasir bilik və bacarıqlara yiyələnməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Məzunların qarşısında yeni və daha məsuliyyətli bir mərhələnin olduğunu bildirən icra başçısı onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb, daim öz üzərlərində işləməyi, bilik və bacarıqlarını davamlı şəkildə artırmağı tövsiyə edib.

Çıxışlardan sonra rayonun bir sıra qabaqcıl təhsil işçiləri, eləcə də sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlər Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.

Qəbul imtahanlarında 600-dən yüksək bal toplamış məzunlara qiymətli hədiyyələr təqdim olunub, yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş məzunlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəkkürnamələri ilə təltif ediliblər.

Ardınca 2025-2026-cı tədris ilində 400-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunların, həmçinin müxtəlif müsabiqə və fənn olimpiadalarında yüksək nəticələr əldə etmiş şagirdlərin mükafatlandırılması haqqında Qusar Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı səsləndirilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Respublika Fənn Olimpiadasının qalibləri

News Image

Respublika Fənn Olimpiadasının qalibləri

Qusar rayonu Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qəhrəman Məlikov Respublikа Fənn Olimpiadalarında coğrafiya fənni üzrə yüksək nəticə göstərərək Qızıl Medala layiq görülmüşdür!

Bu uğur təkcə Qəhrəmanın deyil, həm də onun müəllimlərinin xüsusilə fənn müəllimi Yüzbəyov Nürəddin Bahaddin oğlunun bəhrəsidir. Şagirdimizi bu möhtəşəm nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında daha uca zirvələri fəth etməyi arzulayırıq.

Yolun açıq olsun, gənc coğrafiyaşünas!

Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızı 11 ci sinif buraxılış imtahanında maksimum 300 bal toplamışdır və həmçinin Respublika Fənn Olimpiadasında Riyaziyyat fənni üzrə gümüş medal qazanmışdır. Bu uğurda zəhməti olan Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin pedogoji kollektivini xüsusilə Respublika Fənn olimpiadasında gümüş medal qazanmasında zəhməti olmuş riyaziyyat müəllimi Ulubəyov Elnar Əsədulla oğlunu bu münasibətlə təbrik edirik. Emiliyaya gələcək həyatda da müvəqqətlər arzulayırıq.

#AHİK #ETİHİ #Qusar #OlimpiadaQalibi #Coğrafiya #QızılMedal #Təhsil #Riyaziyyat #GümüşMedal #MəktəbUğuru

Qusar rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzi

News Image

Qusar rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzi

Mayın 4-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzində olub. Dərnək üzvlərinin rəsm əsərləri, bədii tikmə və toxuculuq nümunələri, ağac üzərində oyma sənəti ilə hazırlanmış əl işləri və digər yaradıcılıq nümunələri ilə tanış olan rayon rəhbəri onların bacarıq və zəhmətini yüksək qiymətləndirib. Sahir Məmmədxanov Mərkəzin pedaqoji kollektivi və şagirdlərlə səmimi söhbət edib, şagirdlərin gələcək maraqları, seçəcəkləri ixtisaslar və peşə istiqamətləri ilə yaxından maraqlanıb, onlara öz tövsiyələrini verib. Şagirdlər də öz növbəsində rayon rəhbərinə onları maraqlandıran müxtəlif sualları ünvanlayıblar.

Hazırda Mərkəzdə 31 nəfər pedaqoji işçi çalışır və 15 adda dərnək üzrə 38 qrup fəaliyyət göstərir. Hər bir dərnək qrupuna 15 şagird cəlb olunub. Uşaqlar məktəbdən sonra dərs cədvəlinə uyğun olaraq, öz maraq və bacarıqlarına müvafiq istiqamət seçir, həftədə 2 dəfə, 3 saat olmaqla dərnəklərə cəlb olunurlar. Mərkəzdə “Bədii tikmə”, “Bədii toxuma”, “Bacarıqlı əllər”, “Xalçaçılıq”, “Rəsm”, “İngilis dili”, “Debat”, “Məntiq”, “Bədii qiraət”, “Nağara” dərnəkləri də daxil olmaqla ümumilikdə 15 adda dərnək fəaliyyət göstərir.

Hazırda Mərkəz rayonun ictimai-mədəni həyatında fəal iştirak edərək gənclərin hərtərəfli inkişafına öz töhfəsini verir.

#AHİK #ETİHİ #Qusar #Təhsil #MəktəbUğuru

ETİHİ Qusar rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri arasında Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı

News Image

ETİHİ Qusar rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri arasında Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı

ETİHİ Qusar rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri arasında Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı uğurla başa çatdırıldı. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qusar rayon komitəsinin sədri Nazilə Cumartova çıxış edərək yarışın əhəmiyyətindən bəhs etdi, iştirakçılara uğurlar arzuladı. Yarış iştirakçılar arasında böyük maraq və rəqabət şəraitində baş tutdu.

Yarışın nəticələrinə əsasən:

I Yer

– Səfərəliyev Namiq Xüzəməd oğlu (Qusar şəhəri 4 saylı tam orta ümumtəhsil məktəbi)

II Yer

– İsabalayev Tehran Zeynal oğlu (Şəhər 1 saylı tam orta ümumtəhsil məktəbi)

III Yer

– Əlikbərov Rüfət Əlikbər oğlu (Qusar rayon Köhnə Xudat kənd tam orta ümumtəhsil məktəbi)

Qeyd edək ki, I yerin qalibi Səfərəliyev Namiq Xüzəməd oğlu Respublika üzrə keçiriləcək şahmat yarışında iştirak etmək hüququ qazandı.

#AHİK #ETİHİRespublikaKomitəsi #ETİHİQusarRK

#HeydərƏliyev103 #ŞahmatYarışı

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

News Image

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə günahsız insan amansızlıqla qətlə yetirilmişdir. Bu hadisələr xalqımıza qarşı məqsədli şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamına əsasən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi hər il ölkəmizdə ehtiramla yad edilir.

Martın 31-də Qusar Rayon İcra Hakimiyyətinin başçılığı ilə rayon ictimaiyyətinin nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Ziyarətçilər soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə gül dəstələri qoyaraq onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra kompleksin muzey hissəsi ilə tanışlıq baş tutub. Muzeydə nümayiş etdirilən ekspozisiyalar vasitəsilə XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş qırğınlar, həmin dövrün acı həqiqətlərini əks etdirən tarixi materiallar və sənədlər barədə ətraflı məlumat verilib.

Qusar rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri

News Image

Qusar rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri

Qusar rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir

Martın 19-da Qusar rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mahmud Əbilov adına Mərkəzi Meydanda Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunmuşdur.

Bayram münasibətilə şəhərin al-əlvan bəzədilmiş mərkəzi meydanında təşkil edilmiş sərgidə sənətkarların əl işləri, dekorativ-tətbiqi sənət nümunələri, rəsm əsərləri, milli geyimlər, eyni zamanda Novruz süfrəsinə xas olan şirniyyatlar və milli mətbəximizə aid digər təamlar nümayiş edilmişdir. Novruz bayramının əsas rəmzlərindən biri olan bayram tonqalı alovlandırılmış, Novruzun rəsmi personajı olan Bahar qızı meydana daxil olaraq tədbir iştirakçılarını, bütün rayon sakinlərini və qonaqları bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Kosa, keçəl, kəndirbazlar və sim pəhləvanlarının maraqlı çıxışları iştirakçılarda bayram sevincini daha da artırmışdır.

Rayon icra hakimiyyətinin başçısı və digər rəsmilər sərgiyə baxış keçirmiş, müxtəlif idman növləri üzrə idmançıların çıxışları və rəqs nümunələrinə tamaşa etmiş, sakinlərlə səmimi söhbət apararaq onları bayram münasibətilə təbrik etmişdir. Tədbir incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı-şən musiqilər, rəqs nümunələri ilə davam etdirilmişdir.

Qusar rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində, Novruz və Ramazan bayramları ərəfəsində genişmiqyaslı ağacəkmə aksiyası

News Image

Qusar rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində, Novruz və Ramazan bayramları ərəfəsində genişmiqyaslı ağacəkmə aksiyası

Qusar rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

Martın 18-də Qusar rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində, Novruz və Ramazan bayramları ərəfəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunmuşdur.

Ağacəkmə aksiyasında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri və ümumtəhsil müəssisələrinin kollektivləri iştirak etmişdir.

Rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədi daşıyır.

Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin genişmiqyaslı yaradıcı və innovativ tədbir.

News Image

Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin genişmiqyaslı yaradıcı və innovativ tədbir.

Martın 12-də Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə genişmiqyaslı yaradıcı tədbir təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, onların potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlərə marağın artırılması, eləcə də müxtəlif peşə sahələri üzrə praktik bacarıqlarının nümayiş etdirilməsi olub. Tədbirdə region üzrə ümumtəhsil məktəblərinin şagirdləri, pedaqoji kollektivlər, eləcə də məktəbdənkənar təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Rəsmi çıxışlardan sonra sərgiyə baxış keçirilib. Sərgidə şagirdlərin Novruz bayramı münasibətilə hazırladıqları əl işləri, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, milli mətbəx nümunələri və digər yaradıcılıq işləri nümayiş olunub. Tədbirin maraqlı məqamlarından biri də milli adət-ənənələrə uyğun olaraq Novruz tonqalının alışdırılması olub.

Tədbir çərçivəsində müxtəlif istiqamətlər üzrə müsabiqə və yarışmalar da təşkil edilib. STEAM layihəsinin tətbiq olunduğu ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş “TECH Novruz” adlı müsabiqənin final mərhələsi xüsusi maraqla qarşılanıb. Bu müsabiqə çərçivəsində iştirakçı komandalar öz innovativ layihələrini və ideyalarını təqdim ediblər. Təqdim olunan layihələr kreativlik, texniki icra səviyyəsi, funksionallıq və təqdimat bacarıqları kimi meyarlar əsasında qiymətləndirilib.

Bununla yanaşı, peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər arasında praktik bacarıqların nümayiş etdirilməsi məqsədilə qənnadçılıq, aşbazlıq və dərzi ixtisasları üzrə yarışlar keçirilib. Yarış iştirakçıları tərəfindən hazırlanan məhsullar hazırlanma texnikası, dad keyfiyyəti, təqdimat forması və estetik görünüş baxımından qiymətləndirilib. Dərzi ixtisası üzrə təqdim olunan işlər isə tikiş texnikası, səliqə və estetik görünüş meyarlarına əsasən dəyərləndirilib.

Tədbirdə həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 məktəbdənkənar təhsil müəssisəsinin şagirdləri arasında keçirilmiş “Memarlıq və şəhərsalma” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış iştirakçıların əl işləri də nümayiş etdirilib.

Sonda keçirilən müsabiqə və yarışların qaliblərinə fəxri fərmanlar təqdim olunub.

8 Mart Beynəlxalq Qadınlar Günü

News Image

8 Mart Beynəlxalq Qadınlar Günü

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Qusar rayon Təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilmişdir. #AHİK

#ETİHİ

#ETİHİQusar

#8Mart